Sonsuzluq nədir, nə deməkdir? Sonsuzluq xəstəliyi haqqında

Paylaşılma vaxtı: 17 May 2020
Sonsuzluq nədir?
Sonsuzluq nedir, ne demekdir? Sonsuzluq haqqinda melumat

Sonsuzluq təqribən hər altı cütlükdən birinin rastlaşdığı bir problemdir. Tam bir il ərzində hamilə qalma cəhdlərində uğursuz olan cütlüyə sonsuzluq diaqnozu qoyulur. Sonsuzluğun səbəbi qadından qaynaqlanırsa, bu, qadın sonsuzluğu olaraq adlandırılır. Bəs qadınlarda sonsuzluq necə müalicə edilir? Qadın sonsuzluğu ilə bağlı yaranan bütün suallarınıza hazırkı məqalədə cavab alacaqsınız.

Sonsuzluq nədir?

Ümumilikdə övlad sahibi olmaq istəyən cütlüklərin qorunma üsullarından istifadə etməmələrinə və davamlı olaraq cinsi əlaqədə olmalarına baxmayaraq 1 ildən çox müddətdə övlad sahibi ola bilməmələri sonsuzluq olaraq adlandırılır. Əgər qorunmasız 1 il ərzində övlad sahibi olmayan cütlüklər otuzlu yaşlara çatıblarsa, mütləq həkimə müraciət etməlidirlər.

Qadın sonsuzluğu və onu yaradan səbəblər 

Qadın sonsuzluğunun ən çox rast gəlinən səbəbləri arasında yumurtalama problemləri,  uşaqlıq borularının və ya uşaqlığın zədəli olması və ya uşaqlıq boynu problemləri mövcuddur. Yaş da sonsuzluqda rol oynayır, çünki qadın yaşa dolduqca onun dünyaya uşaq gətirmə qabiliyyətində, yəni reproduktiv funksiyasında azalma müşahidə olunur.

Yumurtalama problemləri aşağıdakı bir və ya daha çox səbəbdən qaynaqlana bilər:

  • Hormonal disbalans
  • Yumurtalığın şiş və ya kistaları
  • Anoreksiya və ya bulimiya kimi qidalanma xəstəlikləri
  • Alkoqol və ya narkotik istifadəsi
  • Tiroid vəzi problemləri
  • Artıq çəki
  • Stress
  • Bədənin əhəmiyyətli dərəcədə yağ itkisinə səbəb olan intensiv məşqlər
  • Çox qısa menustrasiya dövrü

Sonsuzlugun elametleri hansilardir? Sonsuzluq neden yaranır? Sonsuzluq nədən əmələ gəlir?

Yumurtalama defektləri qadınlarda ən çox rast gəlinən sonsuzluq səbəbidir.

Normal şəraitdə qadında ayda bir dəfə ovulyasiya baş verir. Lakin ovulyasiyanın az-az olması, qeyri-müntəzəm zaman aralıqlarında müşahidə olunması və ya ümumiyyətlə olmaması yumurtalama pozğunluğu olaraq ifadə edilir. Qadının yumurtalama pozğunluğundan şübhələnməsi üçün ən vacib əlamət menstruasiya qanaxmalalarının nizamsızlaşmasıdır.

Ovulyasiya pozğunluqlarına bəzən hər ay müntəzəm menustrasiya keçirən qadınlarda da rast gəlinə bilər. Qadınlarda yumurtlamanın baş verməsi üçün beyindəki hipofiz vəzindən ifraz olunan qadın hormonları müntəzəm zaman aralıqları ilə və lazımi səviyyədə ifraz olunmalıdır. Bundan əlavə, hormonal və metabolizm pozğunluğu səbəbindən yaranan Polikistozlu Yumurtalıqlar Sindromu da yumurtlama pozğunluğuna səbəb olur. Normadan çox az  və nizamsız zaman araqlıqları ilə baş verən menstrual qanaxma, dəridə kişi tipli tüklənmə və saç tökülməsi, həddindən artıq sızanaq da Polikistozlu Yumurtalıqlar Sindromunun əlamətləridir.

Uşaqlıq borularının deformasiyası və ya keçməməzliyi sonsuzluğa səbəb olur.

Hamiləliyin əmələ gəlməsi üçün ilk öncə sperma və yumurtanın qarşılaşıb mayalanmanı meydana gətirməsi lazımdır. Əgər qadının uşaqlıq boruları bir az tıxanıblarsa və ya tamamilə bağlıdırlarsa, təbii yollarla hamiləlik əldə etmək çox çətin və ya qeyri-mümkün hal alır. Uşaqlıqda orqanizmin yoluxduğu vərəm mikrobu, cinsi yolla ötürülən infeksiya və mikroblar, keçirilmiş cərrahi əməliyyatların əmələ gətirdiyi qarın daxili yapışıqlıqlar, uşaqlıq daxili toxumanın (endometrium toxumasının) orqanizmdə başqa bir yerdə özünü göstərməsi kimi hallar boruları zədələyə bilər. Boruların funksionallığına mənfi təsir edən bu cür hallarda qadının təbii yolla hamilə qalması mümkün deyil.

Endometrioz qadın sonsuzluğuna gətirib çıxarır.

Uşaqlığın səthində, bağlarında, borularında və yumurtalıqlarda normadan kənar uşaqlıq daxili toxuma əmələ gəlməsi Endometrioz adlanır. Hər ay menstruasiya dövründə əmələ gələn qan bədəndən xaric edilmədiyinə görə ətrafındakı sahələrə yapışır və iltihabın meydana gəlməsinə səbəb olur. Həmçinin yumurtalıqlarda Endometrioz yarandıqda Endometrioma adlanan şokolad kistalari əmələ gəlir. Qadınlar cinsi əlaqə zamanı və ya ondan sonra, menstrual qanaxmaların əvvəlində və onların baş verməsi zamanı şiddətli ağrı hiss edirlərsə, menstrual qanaxmalar nizamsız baş verirsə və təbii yollarla hamilə qala bilmirlərsə, Endometriozun olmasından şübhələnməlidirlər.

Uşaqlıq boynu problemləri sonsuzluğa gətirib çıxarır. 

Uşaqlıq boynunda anadangəlmə və ya sonradan meydana çıxmış quruluş pozğunluqları, uşaqlıq boynunda yaranmış polip və miomalar və bunların müalicəsində tətbiq olunan cərrahi müalicə üsulları qadınlarda sonsuzluğunun səbəblərindən biridir. Bundan başqa hormonların təsirindən uşaqlıq boynunda əmələ gələn mühit pozğunluqları, anormal xüsusiyyətlər spermanın cinsi kanaldan ötürülmələsini çətinləşdirirlər. Həmçinin hər hansı bir səbəbdən uşaqlıq boynunda əmələ gələn infeksiyalar da qadın sonsuzluğuna gətirib çıxara bilər.

Yumurta ehtiyatının aşağı olması

Hər bir qadının anadangəlmə müəyyən sayda toxum hüceyrəsinə malik olur. Lakin yaşın keçməsi, istifadə olunan dərmanlar, müxtəlif xəstəliklərin müalicəsində tətbiq olunan cərrahi əməliyyatlar qadının yumurta ehtiyatını azaldır. Yumurta ehtiyatı azaldıqca təbii yolla hamilə qala bilmə ehtimalı da azalır.

Uşaqlıq və ya yumurtalıq üzərində aparılan cərrahi əməliyyatlar

Uşaqlıqda əmələ gələn mioma və ya polip kimi xoşxassəli törəmələr cərrahi əməliyyatla çıxarılarkən bu sahədə yapışıqlıqlar əmələ gələ və həmçinin hamiləliyə mane ola bilər. Həmçinin yumurtalıqda yaranan problemlərə görə yumurtalığın çıxarılması da bu sahədə hormon səviyyələrini nizamsızlaşdırır və təbii yolla hamilə qala bilmə ehtimalını aşağı düşürür. Hər hansı bir xəstəlik nəticəsində hər iki yumurtalıq çıxarılarsa, hamilə qalma mümkünsüz olur.

Yaşın artması qadının hamilə qalmasını çətinləşdirir, hətta mümkünsüz edir.

Qadınların hamilə qala bilməsində ən önəmli amil reproduktiv funksiyalarının tam gücü ilə işləmələridir. Bu baxımdan qadının yaşı da əhəmiyyətli faktordur. Çünki 20 yaşlı sağlam bir qadının bir il ərzində təbii yolla hamilə qalma ehtimalı təxminən 85% olarkən, 35 yaşdan yuxarı sağlam bir qadının eyni müddət ərzində hamilə qalma ehtimalı orta hesabla 50%-ə bərabərdir. Çünki yaş keçdikcə qadının reproduktiv funksiyaları, ehtiyatları, bacarığı, imkanları sürətlə azalır.

Sonsuzluq haqqında cütlüklərin bilməsi önəmli və sadə məqamları bu yazımızda topladıq: Sonsuzluq – İnfertilitə nədir, səbəbləri hansılardır?

Sonsuzlugun mualicesi. Sonsuzluq və onun müalicəsi

Qadınlarda sonsuzluğun müalicəsi necə aparılır?

Bəzi qadınlarda doğma qabiliyyətini yaxşılaşdırmaq üçün sadəcə bir və ya iki müalicə kursu kifayət etsə də, bəzi hallarda bir neçə fərqli müalicə üsulu tələb olunur. Müalicələr dərman müalicəsi və ya cərrahi əməliyyatlar ilə birlikdə doğma qabiliyyətini bərpa etməyi hədəfləyir. Son illərdə bu sahədə təkmilləşdirilmiş üsullar hamilə qalmağınıza kömək edə bilər.

Qadınlarda sonsuzluğun müalicəsinin mərhələləri:

İlk öncə qadınlarda sonsuzluğun müalicəsi xəstəlik tarixçəsi və kiçik çanaq orqanlarının müayinəsi də daxil olmaqla fiziki müayinə ilə başlayır. Həkim daha sonra müntəzəm olaraq yumurtalamadan və yumurtalıqların yumurtanı sərbəst buraxmasından əmin olur. Hormon səviyyələrini müəyyən etmək üçün qan analizləri verilir. Yumurtalıqlar və uşaqlıq ultrasəslə müayinə olunur və uşaqlıq və fallop boruları yoxlanılır.

Yumurtlama müalicəsi (ovulyasiya induksiya)

Aparılan müayinədən sonra hamiləliyin yaranmasına maneə olacaq heç bir səbəb aşkarlanmadığı hallarda (səbəbi bilinməyən sonsuzluq) və ya yumurtlama pozuntusunun aşkar edildiyi hallarda yumurtalama müalicəsi aparılır. Bu müalicə üsulu sonsuzluğun müalicəsində ən çox tətbiq edilən üsuldur. Bu müalicə üsulunun məqsədi ana namizədin hər ay nizamlı olaraq yumurtalamasını təmin etməkdir. Ana namizədin təyin edilən vaxtlarda cinsi əlaqədə olması hamiləlik şansını artırır. Yumurtalama pozuntusunun müalicəsi zamanı oral yolla qəbul edilən həblər istifadə edilə bilər. Dərinin altına vurulan iynələr də bu zaman tətbiq oluna bilinir. Yumurtalama pozuntusunun müalicəsi 3 və ya 6 ay aparılır. Göstərilən müddətin sonunda hamiləliyə nail olunmadığı hallarda fərqli müalicələr planlaşdırılır.

Uşaqlıq Daxili İnseminasiya (İUİ)

Bu müalicə üsulunda sperma toplanılır və yumurtanın inkişafı zamanı birbaşa qadının uşaqlığına yeridilir. Ana namizədə yumurtlama və inseminasiya müalicəsini tətbiq edilə bilməsi üçün ən azı bir boru açıq olmalıdır. Hər iki borusu bağlı olan qadınlara ovulyasiya induksiyası və inseminasiya müalicəsi tətbiq edilə bilməz. Bu cür pasiyentlərə süni mayalanma üsulu tövsiyə olunur.

Süni mayalanma (IVF, ICSI)

Süni mayalanma üsulu ümumiyyətlə ən çox hər iki borusu tıxanmış olan qadınlarda istifadə olunur. Laboratoriya şəraitində sperma və yumurta nümunələri alınır və birləşdirilərək mayalandırılır. Döllənmiş yumurta 3-5 gün ərzində inkişaf edir. Daha sonra embrion qadının uşaqlığına yerləşdirilir. Bu müalicə üsulu sperma sayı çox az olan ata namizədlərində və yumurtlama defektinin müalicəsindən sonra hamilə qala bilməyən cütlüklərə də tətbiq olunur.

Qadın sonsuzluğu üçün cərrahi müalicə üsulları

Uşaqlıq borularının xəstəliyi sonsuzluğa səbəb olarsa, boruları bərpa etmək və ya uşaqlıq borularının keçməməzliyini müalicə etmək üçün cərrahiyyə üsulundan istifadə edilə bilər. Bununla belə, bu cür əməliyyatların müvəffəqiyyət dərəcələri aşağıdır (cərrahın bacarığından asılı olaraq təxminən 20%).

Uşaqlıq boruları üzərində aparılan bu əməliyyatlar eyni zamanda uşaqlıqdan kənar baş verən ektopik hamiləlik (ektopik hamiləlik) riskini artırır. Ektopik hamiləliklər eyni zamanda da “boru hamiləlikləri” adlandırılır, çünki əksər hallarda uşaqlıq borusunda rast gəlinir. Cərrahi əməliyyat doğma qabiliyyətinə təsir edə biləcək uşaqlıq miomlarını, polipləri və ya yara izlərini yox etmək üçün də istifadə edilə bilər.

Ümumiləşdirsək, sonsuzluğun müalicəsi onu yaradan səbələrdən, yaşınızdan, nə qədər müddətdir sonsuz olduğunuzdan və şəxsi seçimlərinizdən asılır. Sonsuzluq çox mürəkkəb xəstəlik olduğu üçün müalicə böyük maliyyə, fiziki və psixoloji dəstək ilə yanaşı zaman tələb edir.

Yazının müəllifi
Firuze Ceferzade ginekoloq

Dr. Firuzə Cəfərzadə

Mama ginekoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.
Oxşar yazılar