Sonsuzluq – İnfertilitə nədir, səbəbləri hansılardır?

Sonsuzluq (İnfertilitə) nədir?
Sonsuzluq, başqa sözlə, arzu olunmasına baxmayaraq uşaq sahibi ola bilməmək bir çox cəmiyyətdə mühüm əhəmiyyət daşıyan problem olaraq qəbul edilir. Tərifinə görə ən az 1 il ərzində heç bir qorunma üsulu tətbiq etmədən həftədə 2-3 dəfə cinsi əlaqəyə baxmayaraq hamilə qala bilməmə halına infertilitə yəni sonsuzluq deyilir. Sonsuzluğun rastlanma tezliyi müxtəlif cəmiyyətlər arasında çox da fərqlənmir. Dünyadakı cütlüklərin təxminən on beş faizi sonsuzluq səbəbi ilə köməkçi reproduktiv texnikaya müraciət etmək məcburiyyətində qalır. Bu cütlərin əksəriyyətinin uşaq sahibi ola bilmədiklərini izah edəcək səbəblər müəyyən edilsə də, təxminən 10-12 faiz arasında heç bir patoloji diaqnoz qoymaq mümkün deyil. Bu cütlərin xəstəliyi izah edilə bilməyən sonsuzluq olaraq adlandırılır.
Sonsuzluğun səbəblərini anlamaq və müalicəni planlaşdırmaq üçün ilk öncə qadınlarda və kişilərdə reproduktiv dövrün necə işlədiyini və hamiləliyin əmələ gəlmə mexanizmini anlamaq lazımdır.
“Nə vaxt uşaq sahibi olmağı planlaşdırırsınız?” sualı bir çox evli cütlüyün ən çox qarşılaşdığı sualdır. Əslində bu sual yeni evlənənlərin özlərinə verdikləri ilk suallardan biridir. Xüsusilə qadınların iş həyatının olmadığı ənənəvi ailə quruluşlarında bal aylarında hamilə qalmağı xəyal edən çox sayda gənc cütlük var.
Ailənin dolanışığı və işləri üçün uşağın olmasının vacib hesab edildiyi kənd yerlərində isə yalnız uşaq sahibi olmaq üçün evlənən qadınlar və kişilərin sayı çoxdur. Uşaq sahibi olmağın imtiyaz və prestij kimi qiymətləndirildiyi cəmiyyətimiz kimi cəmiyyətlərdə sonsuzluq demək olar ki, həyati əhəmiyyət daşıyır. Digər bir qrup isə iş həyatındakı çətinliklər səbəbindən ailə qurmağa vaxt tapmayan, lakin yaşı keçdiyi üçün qısa müddətdə ailə qurub uşaq sahibi olmağı düşünən fərdlərdən ibarətdir. Bütün bu şəxslərin ortaq yalnış düşüncəsi hər an, bəlkə də bal aylarında belə hamilə qala biləcəklərini düşünmələridir. Bir çox bədii filmdə və romanda qəhrəman bir dəfə cinsi əlaqədə olmaqla və ya istədiyi zaman hamilə qalsa da, real həyatda vəziyyət tamamilə fərqlidir. Heç bir sağlamlıq problemi olmayan cütlük qadının hər menustrasiya dövrdə hər gün münasibətdə olsalar belə, hamilə qala bilmə ehtimalı yalnız 25%-dir.
İnsan orqanizmi çox yüksək reproduktiv potensiala malik deyil. Bunun bir çox səbəbi vardır. Bəzi yumurtalar mayalanmır, digərləri mayalansa belə embrion dövründə inkişaf etmir. Hamiləlik müəyyən mənada şansla bağlıdır. Bunu kobud şəkildə “Rus ruletkası”na bənzətmək olar. Hansı cütlüyün hamilə qalacağını və ya hansının qala bilməyəcəyini öncədən təxmin etmək mümkün deyil! Bir cinsi əlaqədə 25% hamilə qalma şansı bir ilin sonunda 85%-ə qədər artır. Başqa sözlə, bir ilin sonunda hər 100 cütdən 85-i hamiləliyə nail olacaq. Qalan 15 cütlük isə sonsuzluq problemi ilə üzləşirlər. Bəzi müəlliflərə görə, birinci ilin sonunda hamiləlik olmadıqda, cütlüyə sonsuzluq diaqnozu qoymaq düzgün deyil. Bunun üçün 2 il gözləmək lazımdır. Həqiqətən, birinci ilin sonunda 85% olan hamiləlik faizi ikinci ilin sonunda 92% qədər artır.
Bir menustrasiya dövründə hamiləliyə nail olmaq şansı bir çox amildən asılır. Bu amillərlə əsasən aşağıdakılar aiddir:
Qadının yaşı: Bioloji saat irəlilədikcə qadının hamilə qalma şansı tədricən azalır. Bunun ən vacib səbəbi qadının yaşı artdıqca yumurtalıqlarda yumurtaların sayının və keyfiyyətinin azalmasıdır. 20 yaşındakı bir qadınla müqayisədə 21 yaşındakı qadının hamilə qalma ehtimalı arasındakı fərq çox böyük olmasa da, 30 yaşlarında bu fərq daha çox məna kəsb edir.
Cinsi əlaqənin tezliyi: Bunu cinsi əlaqə baxımından normal və ya anormal olaraq təsnifləşdirmək düzgün deyil. Əhəmiyyətli olan münasibətlərin sayının az və ya çox olması deyil, yetərli olmasıdır. Bunun üçün optimal say həftədə 3 dəfədir.
Vaxtın planlaşdırılması: Cinsi əlaqənin tezliyinə əlavə olaraq, münasibətlərin vaxtının da planlaşdırılması vacibdir. Ovulyasiya günlərində qurulacaq münasibət hamiləlik ehtimalını artıracaqdır.
Müddət: Cütlüyün nə qədər vaxtdır uşaq sahibi olmağı arzuladığı vacib bir məqamdır. Hamilə qalmağa çalışan cütlüklərdə müddət uzandıqca tibbi yardım olmadan uğurlu hamiləliyin olma ehtimalı da o qədər azalacaq.
Patologiya: Sonsuzluğa səbəb ola biləcək patologiyanın olması da hamiləlik şansını azaldır. Buna ən gözəl nümunə keçirilən cərrahi əməliyyatlar və ya endometriozdur.
Bir cütlüyün reproduktiv problemləri varsa, bu hamiləliyə necə təsir göstərir?
Hamiləlik bir çox faktordan təsirlənir. Məsələn, sperma sayı normanın yarısı qədər olan kişidən və normal bir qadından ibarət cütlükdə hamiləlik şansı yarıya qədər azalır. Hamiləliyə təsir göstərən hər bir amil üçün vəziyyət eyni deyil. Məsələn, hər iki borusunun tıxandığı qadınlarda hamiləlik şansı demək olar ki, yox dərəcəsindədir. Oxşar şəkildə toxumluqları sperma ifraz etməyən və ya spermaları toxumluqdan xaricə daşıyan kanallarının funksiyasının pozulduğu kişilərin də təbii yolla uşaq sahibi ola bilməsi böyük sürpriz olar. Bu baxımdan, uşaq sahibi olmaq üçün həkimə müraciət edən cütlüklərdə həm kişi, həm də qadın hərtərəfli müayinə olunmalıdır.
Cütlüyün hər iksiində problem olduqda, hamiləlik şansları onların cəmi qədər deyil, bölünməsi qədər azalır. İnsan ömrünü 300-400 ilə qədər uzatmaq mümkün olsaydı və bu dövrdə qadınlar yumurta və kişilər sperma ifraz edə bilsəydi, səbəbi bilinməyən sonsuzluq xəstələrinin demək olar ki hamısı hamilə qala bilərdi. Bu hal sonsuzluqda zamanın vacibliyini əyani şəkildə göstərir. Hamiləlik ehtimalı artırılmalıdır və bu yalnız tibbi müalicə ilə mümkündür.
Sonsuzluq xəstəliyi zamanı nə vaxt narahat olmaq və həkimə müraciət etmək lazımdır?
Bir ildən çox müddətdə ovulyasiyaya günlərdə hər 2-3 gündən bir cinsi əlaqədə olmağınıza və heç bir qorunma metodu tətbiq etməməyinizə baxmayaraq hamilə qalmamasınızsa, bu, sonsuz kateqoriyasına daxil olmağınız deməkdir. Bu heç də təbii yollarla hamilə qala bilməyəcəyiniz demək deyil, lakin statistik baxımdan şans azalır. Artıq tibbi yardıma ehtiyacınız var. Bu yardım üçün dəqiq və müəyyən bir vaxt yoxdur.
Övlad sahibi olmadığınız üçün narahatlıq keçirdiyiniz vaxt ginekoloqa müraciət etməlisiniz. Əksər cütlük sonsuzluğu utancverici vəziyyət olaraq görür və özlərini tənha hiss edirlər. Lakin vəziyyət o qədər də pis deyil. Bütün dünyada əksər cütlər eyni problemlə üzləşir və bunların əhəmiyyətli bir hissəsi çox sadə müalicə ilə hamilə qala bilirlər. Bu zaman cütlüklərin dərhal həkimə müraciət etməmələrinə səbəb sonsuzluğu həmişə vacib bir problem hesab etmələrinə baxmayaraq təcili olaraq görməməlidir. Ümumiyyətlə insanlar hər zaman həkimə getməyi hər hansı bir bəhanənin arxasında gizlənməklə təxirə salırlar və hər zaman gələn ay həkimə gedəcəklərini bildirirlər. Amma unutmayın ki, həyatda zamandan başqa hər şeyin çarəsi var.
Bəzi hallarda isə həkimə müraciət etmədən 1 il gözləmək lüzumsuzdur. Tez-tez və ya az-az keçirilən menustrasiya, pelvik infeksiya tarixçəsi, 2-dən çox uşaq salma, qadının yaşının çox olması, kişinin toxumluqlarının kiçik olması, prostat vəzi infeksiyası tarixçəsi kimi problemlər varsa, vaxt itirmədən tibbi yardım və ya tövsiyə almaq üçün addım atmaq məntiqli davranışdır.
Həkimə müraciət etmədən əvvəl bəzi sadə tədbirlərlə reproduktiv potensialınızı artıra biləcəyinizi unutmayın. Bu tədbirlərin ən vaciblərindən biri bədən çəkisi, pəhriz və məşq arasındakı tarazlığı təmin etməkdir. Düzgün pəhriz və məşq optimal reproduktiv funksiya üçün son dərəcə vacibdir. Çəkisi az olan və ya artıq olan qadınlar hamilə qalmaqda çətinlik çəkə bilər. Qadın hormonu estrogeninin çox hissəsi yumurtalıqlarda ifraz olunur. Bununla yanaşı, yağ toxuması da estrogenin göz ardı edilməyəcək vacib bir mənbəyidir.
Mayalanma həssas hormonal tarazlıqların rol oynadığı kompleks bir hadisədir. Bu hadisənin uğurla nəticələnməsi üçün sabit hormonal vəziyyət lazımdır. Bu səbəbdən daha az və ya artıq çəkinin sonsuzluğa səbəb olması təəccüblü deyil. Normaldan 10-15% az və ya daha yüksək olan bədən çəkisi reproduktiv sistemə əsaslı şəkildə təsir göstərə bilər. Buna ən yaxşı nümunə qidalanma pozğunluğu olan çox arıq insanlarda nizamsız zaman aralıqlarında baş verən menstrual qanaxmadır. Bu nizamsız qanaxmalar ümumiyyətlə anovulyasiyanın, yəni yumurtalamanın baş verməməsi ilə müşayiət olunur. Marafon qaçışçıları və üzgüçülər kimi ağır idman növləri ilə məşğul olan əksər qadında menstrual pozuntular və nəticə etibarı ilə sonsuzluq mövcuddur.
Hamiləliyə təsir edən digər faktorlar
- Reproduktivliyə təsir edən başqa bir amil siqaret və alkoqoldur. Siqaret çəkmək kişilərdə sperma sayını azaldır, qadınlarda isə yumurta keyfiyyətini pisləşdirir. Oxşar şəkildə spritli içkilər sperma sayına mənfi təsir göstərir.
- Müxtəlif xəstəliklər üçün istifadə olunan dərmanlar da reproduktivliyə təsir göstərir. Xüsusilə xora və qan təzyiqi dərmanlarının sperma sayına təsir göstərdiyi müəyyən edilmişdir. Kafein qəbulunun azaldılması mayalanma şansını artırır.
- Cinsi əlaqənin tezliyi reproduktiv qabiliyyətə birbaşa təsir edən ən vacib amillərdən biridir. Münasibət nə qədər tez-tez olarsa, hamiləlik şansı o qədər yüksəkdir. Burada nəzərdə tutulan hər gün cinsi əlaqədə olmaq deyil. Bu, sperma sayını və keyfiyyətini azaldır. Ovulyasiyaya yaxın günlərdə tez-tez cinsi əlaqədə olmaq idealdır. İndiki dövrdə həm kişilər, həm də qadınların iş həyatınının olması, peşə ilə bağlı streslər və narahatlıqlar səbəbindən cinsi motivasiya və istəyin azalması əksər cütlərin ortaq şikayətidir. Bu səbəblərə görə əlaqələr əsasən həftə sonları baş verir. Təbii ki, bu cütlərin hamilə qalma prosesi gecikəcək və cütlük böyük ehtimalla sonsuzluq səbəbi ilə həkimə müraciət etməli olacaqdır.
- Əlaqənin tezliyi ilə yanaşı vaxtının planlaşdırılması da son dərəcə vacibdir. İnsanlardan başqa demək olar ki, bütün canlılar yumurtlama dövrünü bilir. Estrus və ya həvəsəgəlmə dövrü adlanan bu dövrdə cinsi istək artır və cütləşirlər. Pişiklərin bu xüsusiyyəti ilə bağlı hətta bir çox zarafat vardır. Ancaq insanlarda vəziyyət fərqlidir. Qadınlarda nəzərəçarpan bir həvəsəgəlmə dövrü yoxdur və əksər qadın yumurtlama dövrünün fərqində olmur. Qadınların menstrual nizamı müxtəlif üsullarla müəyyən edilə bilər və ovulyasiya müddəti təyin edilə bilir. Reproduktiv dövr adlanan hamilə qalma ehtimalının yüksək olduğu dövrdə bu səbəbdən hər gün əlaqədə olmaq tövsiyə olunur.
- Cinsi əlaqə və reproduktivlik arasındakı əlaqə ilə bağlı gəlinən son nəticə düzgün şəkildə cinsi əlaqədə olmaqdır. Təbiətdə bir çox fərqli heyvan növü var və onların hər biri nəslini qorumaq üçün fərqli mexanizmlər formalaşdırmışdır. Məsələn, donuzlar sperma baxımından çox xəsisdirlər. Kişinin cinsiyyət üzvü spiral şəklindədir və demək olar ki, qadının vaginasına vintlə bərkidilmiş şəklindədir. Bunun sayəsində bir dənə də olsun sperma boşa getmir. İnsanlarda belə mexanizmlər yoxdur. Əslində bu cür texnikalar tələb də olunmur. Cinsi əlaqədən sonra spermanın vaginadan xaricə çıxması tamamilə normal bir haldır. Bir çox qadın bunu hamiləlik şansına mənfi təsir göstərən amil kimi şərh etsə də, bu belə deyil. Spermanın xaricə çıxması düzgün şəkildə əlaqədə olmanın göstəricisidir. Uşaq istəyən cütlüklərdə tövsiyə olunan pozisiya ümumiyyətlə kişinin üstdə olduğu pozisiyadır. Əlaqədən sonra qadının ən azı 5 dəqiqə belüstə uzanması və vagina üçün duş almaması digər tövsiyələr arasındadır. Cinsi əlaqə zamanı sürüşkənliyi qorumaq üçün istifadə olunan süni maddələr tövsiyə edilmir, çünki bu maddələr spermaya ölümcül təsir göstərə bilər. Lazım gələrsə, neft əsaslı olanlara nisbətən maye parafinə üstünlük verilməlidir.
Sonsuzluğun keçmişə nisbətən dövrümüzdə daha tez-tez rast gəlinməsinin səbəblərindən biri karyera quran qadınların sayının çoxalmasıdır. Əksər qadınlar uşaq sahibi olmaq üçün vəzifədə yüksəlməyi gözləyir və buna görə yaşı keçir. Bir çox işəgötürən, o cümlədən çox böyük holdinqlər, işə götürəcəkləri qadın işçinin müəyyən müddətə hamilə qalmasına məhdudiyyət qoyur. Vaxt keçdikcə qadının reproduktiv potensialı azalır və buna görə sonsuzluq daha çox rastlanır. Əslində, uşaq sahibi olmağın ən əlverişli vaxtı kimi bir şey yoxdur. Qadının reproduktiv potensialı 20-30 yaş arasında ən yüksək səviyyədədir. Bu potensial 30 yaşdan sonra azalır və 35 yaşdan sonra kəskin və sürətli şəkildə aşağı düşür. Körpə sahibi olmağın ən əlverişli vaxtı çox fərdi bir qərardır.
Bununla yanaşı müxtəlif səbəblərlə uşaq sahibi olmağı gecikdirən və ya gecikdirməyi düşünən cütlüklərin üzləşdiyi başqa bir problem də mövcuddur: sosial təzyiqlər. Demək olar ki, hər cəmiyyətdə, xüsusən də ailə böyükləri tez bir zamanda nəvə sahibi olmaq üçün təzyiq göstərməyə meyllidirlər. Eynilə, mediada cütlüklərin ən qısa müddətdə körpə sahibi olmasını tövsiyə edən yazılar da təzyiq elementidir. Bütün bu amillərin təsiri altında yeni ailə qurmuş və ya uzun müddət effektiv üsullarla qorunan cütlər sonsuzluq kateqoriyasına daxil olmadığı halda, sadəcə qadın 30 yaşına çatdı deyə həkimə müraciət edirlər.
Reproduktiv potensial azalırmı?
Bu sual həm mövzu ilə maraqlanan həkimlərin, həm də hadisə ilə birbaşa əlaqəli olan cütlüklərin cavab axtardıqları suallardan biridir. Cavab qeyri-müəyyəndir, amma böyük ehtimalla həqiqət payı vardır. Qadınların ailə qurma yaşının artması, cinsi azadlıq nəticəsində cinsi yolla ötürülən xəstəlik nisbətlərinin artması, səbəbi bilinməsə də, kişilərdə sperma sayının qlobal azalması bu hala səbəb ola bilər. Sperma sayının azalması maraqlı bir qlobal araşdırmadır. Həqiqətən də, son 15-20 ildə bütün dünyada sperma sayında azalma tendensiyası mövcuddur.
Bunun ətraf mühitin çirklənməsi və ya müasir həyatın stresindən qaynaqlandığı bilinmir. Reproduktiv potensialla bağlı bütün mənfi xəbərlərə baxmayaraq, köməkçi reproduktiv texnikada əldə olunan nailiyyətlər və müvafiq olaraq müvəffəqiyyət nisbətlərinin artması sevindirici haldır. Müasir insanın sonsuzluqla bağlı tabunu pozması və müalicə alternativlərini şüurlu şəkildə qiymətləndirməsi də diqqətəlayiq inkişaf göstəricisidir.
