Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “cinsi baxımdan aktiv olan və hər hansı bir kontrasepsiya (hamiləlikdən qorunma üsulu) tətbiq etməyən cütlüyün bir il ərzində hamiləlik əldə edə bilməməsi halı” kimi adlandırılan sonsuzluq, dünya üzrə cütlüklərin təxminən 25%-nin əziyyət çəkdiyi klinik sağlamlıq problemidir. Tədqiqatlar göstərir ki, sonsuzluq problemi 1/3 nisbətdə kişilər, 1/3 nisbətdə qadınlar və 1/3 nisbətdə hər iki partnyordan qaynaqlanır. Buna görə, sonsuzluq problemi olan cütlüklərin vəziyyətindən asılı olmayaraq, hər iki partnyor müayinə olunmalı və fiziki və psixoloji müalicə almalıdır.
Hamilə qala bilməmə şikayəti ilə həkimə müraciət edən cütlüklərdə sonsuzluq probleminin yaranma səbəbləri olduqca fərqlidir. Müraciətdən sonra hər iki partnyorun hərtərəfli müayinəsi nəticəsində problemin əsl mənbəyi müəyyən edilə bilər. Aparılan müayinə sonsuzluq probleminin hansı partnyordan qaynaqlandığını, tətbiq edilən müalicə üsullarını və müalicənin uğurlu olma faizininin müəyyən edilməsi baxımından son dərəcə əhəmiyyətlidir.
Hamiləliyin baş verməsi üçün kişinin sperma hüceyrəsinin qadının yumurta hüceyrəsi ilə qarşılaşıb onun içərisinə girərək mayalanması və mayalandıqda “embrion” adı verilən hamiləlik məhsulunun ananın uşaqlığının daxili təbəqsinə tutunaraq orada yerləşməsi lazımdır. Övlad sahibi olmaqda çətinlik çəkən cütlüklərdə fərdlərin ayrı-ayrılıqda müayinəsi aparılır və hamiləliyin baş verməsinə mane olan səbəblər aşkar edilməyə çalışılır.
Hamiləliyin əldə edilməsi üçün kişilərdə aparılan “spermioqram testi” ilə kişi problemlərinə əsasən aydınlıq gətirilə bilər. Qadınlara tətbiq olunan testlər qadın problemlərinin daha ətraflı qiymətləndirilməsini təmin edir. Qadın amilini qiymətləndirərkən yumurtalıqlar və ovulyasiyanın olub-olmaması, boruların vəziyyəti və uşaqlıq ilə bağlı problemlər araşdırılır. Diaqnoz üçün müayinələr başa çatdıqda, cütlərin əksəriyyətinə diaqnoz qoyulur və səbəbə görə müalicə formalarına üstünlük verilir.
Kişi və qadın sonsuzluğun səbəblərini fərqləndirmək lazımdır. Kişilərdə sperma hüceyrələrinin istehsalında problemlər birinci yerdə gəlir. Spermanın az olması və ya yetərli qədər olmaması, spermanın hərəkət və formasında deformasiya hamiləliyə mane olur. Bundan əlavə, cinsi disfunksiya, kişi cinsiyyət orqanlarının iltihabı və sistem xəstəlikləri kimi səbəblər də sonsuzluğa səbəb ola bilər. Qadınlarda yumurtlama problemləri, borulardakı iltihab və ya tıxanma, borulardakı anatomik pozğunluqlar, uşaqlıqda miyom və poliplər, həmçinin endomerioz, diabet kimi problemlər hamiləliyin qarşısını ala bilər.
Sonsuzluq problemlərinin müalicəsi səbəbə görə aparılır. Kişi sonsuzluğunda xəstələr uroloq tərəfindən qiymətləndirilir. Mövcud problemlər dərman və ya cərrahi üsullarla müalicə edilə bilər. Kişi sonsuzluğu müalicəyə cavab vermədikdə, hamiləlik aşılama və ya IVF kimi reproduktiv üsullarla əldə edilə bilər. Eynilə qadınlarda hamiləlik şansı bir çox hallarda dərman və ya cərrahi üsullarla artırıla bilər.Təbii ki müayinə və müalicə üsulları fərdi olaraq pasientlərin şikayət və problemlərinə uyğun olaraq seçilir və təyin edilir .